Ayna SULTANOVA. AZƏRBAYCANIN İLK NAZİR QADINI


"RADİOFM.az" AZƏRBAYCANIN İLK NAZUR QADINI OLAN AYNA SULTANOVA HAQQINDA YAZIR.

Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 3 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur.

Sovet dövrü ədəbiyyatlarından və arxiv sənədlərindən bəlli olur ki, Ayna Sultanova qatı bolşevik, Azərbaycanda bolşevik partiyasına ilk yazılan Azərbaycanlı qadın, uzun illər Azərbaycanda rəhbər vəzifələrdə çalışaraq bolşevik, kommunist partiyasının ideyalarını çox səxavətlə həyata keçirən siyasi xadim və milli hökumətə qarşı silahlı üsyanın nəyin ki, təşkilatçılarından hətta rəhbərlərindən olan, Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun ömür-gün yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.

Onun sovet hökumətinə sədaqəti haqqında Hökumə Sultanova yazırdı: “Ayna ömrü boyu marksizim-leninizim ideyalarına sadiq olmuşdur” (Bax. H.Sultanova. Ayna Sultanova. Azərnəşr. Bakı, 1965, s.79). Əksər tədqiqatçılar isə Ayna xanımı “Lenin partiyasının sədaqətli qızı” adlandırırdılar. Hətta tədqiqatlardan birində belə bir faktla rastlaşdım ki, Ayna xanım Leninə, onun partiyasına olan sonsuz məhəbbəti sayəsində övladlarından birinin adını Vladleni qoyur. (Bax:H.Sultanova. Ayna Sultanova. Azərnəşr. Bakı, 1965, s.42). Bu doğurdandamı belə idi? Buna görə Ayna xanımın həyat və yaradıcılığına geniş şəkildə nəzər yetirək üçün üz tutdum bir neçə arxiv və kitabxanalarımıza.

Məqalənin hazırlanması üçün daha çox yardımçı oldu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər arxivinin əməkdaşları. Mətləbdən bir az uzaqlaşsam da onu da qeyd etmək çox yerinə düşərdi ki, bu arxivdə dünənimizi, kimliyimizi bilmək və təbliğ etmək üçün çox gözəl şərait yaradılıb. Bunun üçün bir tədqiqatçı ziyalı kimi ilk növbədə hörmətli Prezidentimiz İlham Əliyev cənablarına, arxivin rəhbəri Mayis müəllimə və onun hər bir əməkdaşına minnətdarlığımı bildirirəm. Dünənimizə belə qayğı çox yaxşıdır. Çünki gələcək nəsillər bilməlidir ki, kim kimdir ...
...Ayna xanım haqqında hələ BDU-nun Jurnalistika fakültəsində oxuyarkən az-maz məlumatım olmuşdur. Amma arxivlərdə, kitabxanalarda onun haqqında topladığım məlumatlar doğrusunu deyim ki, məni çox məyus etdi. Çünki Ayna xanım ən azından bir publisist, redaktor, qələm əhli də olub. Əsasən rus dilli mətbuatda “Pravda”, “Bakinski raboçi”, “Turud”, “Zaraya Vostoka” qəzetlərində bolşevizmin ideyalarını təbliğ edən onlarla publisistik məqalələr çap etdirib. Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin orqanı olan “Şərq qadını” (sonralar “Azərbaycan qadını”) jurnalının ilk redaktoru olub. Bir qələm əhli kimi milli duyğusallıq doğurdanmı ondan çox uzaq olub? Axı ondan əvvəl də mətbuat, mədəniyyət aləminə gələn qadınlarımız olub. Həmidə xanım Məmmədquluzadə, Hənifə xanım Zərdabi, Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Əlibəyli, Sara xanım Vəzirova, Sona xanım Axundova və bir neçə xanımlarımız ki, onlar da Ayna xanım kimi bolşevizmin tüğyan etdiyi ilk illər də yaşayıb –yaratmışlar. Amma onların istər yaradıcılığına, istər şəxsi həyatına nəzər saldıqda heç biri Ayna xanım kimi bolşevizmi, onun qəddar “qayda-qanun”larını nə sevmiş nə də dəsdəkləmişdilər.
Bu xanımlar “Millətlərə azadlıq, yoxsullara bərabərlik”- deyə silah gücünə hökuməti zəbt edən bolşeviklərin bu sadə, kasıb xalqa heç zaman xoşbəxtlik gətirmədiklərini gördükləri və duyduqları üçün onun sadiq əsgərinə şevrilmədilər. Əslində Ayna xanım özü də çox kasıb bir ailədə dünyaya gəlib. Dəvəçi rayonunun Pirəbədil kəndində böyüyən Ayna ilk təhsilini Həsən bəy Zərdabinin xanımının rəhbərlik etdiyi qız məktəbində alıb. İlk dəfə ona təhsil verən, dünyaya gözünü açan bu məktəbi sonradan Ayna xanımın silahdaşlarının bəyənmədiyi və ailəsini doğma vətənindən didərgin saldığı Hacı Zeynalabdin Tağıyev tikdirmiş və onun himayəsi ilə yüzlərlə Azərbaycanlı qızı (elə Ayna özü də) təhsilə yiyələnmişdir.
Ayna xanımın bolşevik partiyasına keçməsi haqqın da filologiya elmləri doktoru Sabir Məmmədov “Azərbaycanın maarifpərvər qadınları” adlı əsərində yazır: “1918-ci ilin isti, cansıxıcı iyul axşamlarının birində Ayna bir neçə kommunistlə partiya komitəsinə gəldi.
-Yoldaş Əzizbəyov, bu ilk azərbaycanlı qızıdır ki, firqəyə daxil olmaq istəyir, -deyə onlar Aynanı Məşədi bəyə təqdim etdilər.
Məşədi bəy imtahan edirmiş kimi Aynaya dedi: -Qızım, firqəmizin hər bir üzvü böyük sınaqlar qarşısında özünü itirmir, lazım gəlsə öz canını qurban verməyə hazırdır.
-Olsun, heç bir çətinlik, ölüm məni qorxutmur”-deyə Ayna xanım bolşevik partiyasına daxil olur və sona kimi ona sadiq qalır”. (Əlbəttə onun bu sadiqliyi sonra “böyük qardaşları” tərəfindən yetərincə qiymətləndirilir).
Elə Ayna xanımın yüksəlişi də bu addımdan başlayır. 1918-ci ildə milli hökumətə qarşı çıxaraq inqilabı hərəkata qoşularaq Həştərxana gedir. Burada Rusiya Kommunist (bolşevik) Partiyasının Həştərxan komitəsinin müsəlman bölməsi Rəyasət Heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri təyin edilir. Gənc qızın fəallığı təbii ki, bolşeviklərin nəzərindən yayınmır. Onu daha da ruhlandırmaq üçün 1919-cu ildə Moskvaya Y.Sverdlov adına Kommunist Universitetinə oxumağa göndərirlər. Ayna xanım burada təhsil almaqla yanaşı siyasi fəaliyyətini də davam etdirir. O, RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləməyə başlayır. Siyasi fəaliyyəti ilə Azərbaycanda milli hökumətin süqutuna yardım olduğu üçün Ayna xanım Bakıya qayıdarkən mərkəz onun bu fədakarlığını qiymətləndirir. Bolşeviklər hökuməti zəbt etdikdən sonra Ayna xanımı Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitənin aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsinə müdir müavini, sonra isə müdir təyin edirlər.
Ayna xanımı daha mükəmməl, nəzəri cəhətdən hazırlamaq üçün Moskvada Qırmızı Professorlar İnistutuna qəbul edirlər. Azərbaycan tarixçilərinin yazdığına görə mərkəz bu İnistutun tələbələrini xüsusi təlimlərlə və siyasi biliklərlə yetişdirərək öz ideyalarını təbliğ etmək üçün istifadə edirdi.
Ayna xanım siyasi fəaliyyəti ilə yanaşı təbliğatla da məşğul olmalı idi. Çünki bolşeviklərə bu hava –su kimi lazım idi. Ona görə də Ayna xanım “Şərq qadını” jurnalına redaktor qoyulur. Onun redaktorluq etdiyi illərdə çap olunan saylar qarşımdadır. Baxıram. Burada da xanımın qatı bolşevik ideyalarının təbliğatçısı olması özünü büruzə verir. “Aprel inqilabı mənə nə verdi”, “Firqə təmizliyinə hazırlanmalı”, “Firqə qurultayı qadınların işi haqqında nə dedi?”, “Rədd olsun çadra”, “Türk qadını traktor başında”, “Pionerləri unutmamalı”, “Azərbaycanda qadınlar təşkilatı canlanmalıdır”, “Şura aparatını təmizləməyə hazırlaşın” hər və s. məqalələr Şura hökumətini, onun ideyalarını təbliğ etməyə bir çağrışdır.
“Aprel inqilabı mənə nə verdi?” adlı məqalədən: “Günümüz-güzaranımız çox pis keçirdi. Bu vaxt baxtımızdan Şura hökuməti gəldi. İşçi və kəndli hökuməti, yoxsulların yardımçısı. Aprel inqilabı qızları doğrudan da azad və xoşbəxt etmişdi" (1929,N-5.s.4).
Daha sonra müəllif yazırdı: “Hazırda Şuralar İttifaqının hər tərəfində Şura aparatının təmizliyinə hazırlıq aparılmaqdadır. Bir necə il ərzində bura zərərli adamlar daxil olmuşdu” (Şərq qadını” 1929-N-8, s.4). Ayna xanımın yazdığı bu təmizləmə Azərbaycan xalqına çox baha başa gəldi. Mirzə Cəlil kimi dahisi mədəni mühitdən tədric edilərək əsəb xəstəliyinə tutuldu və dünyasını dəyişdi. Müşfiqin, Seyid Hüseynin ocağı qaraldı, Cavid ölüm düşərgəsinin qurbanı oldu ...
1930-1937-ci illər. Azərbaycan tarixdə görünməmiş bir faciənin tüğyan etdiyi bir vaxt Ayna xanım və onun ömür-gün yoldaşı Həmid Sultanov tez-tez Mərkəz tərəfindən yüksək vəzifələrə təyin edilirdilər.

Məsələn, Ayna xanım Azərbaycan SSR Xalq Maarif Komissarının müavini, Zaqafqaziya Həmkarlar İttifaqları Şurası mədəniyyət bölməsinin müdiri, Ümum İttifaq Kommunist (bolşevik) Partiyasının Zaqafqaziya Ölkə Komitəsində qadınlar bölməsinin müdiri və kütləvi təşviqat şöbəsinin müdir müavini, Azərbaycan SSR Xalq Maarif Komissarı, sonra Azərbaycan SSR Ali Məhkəməsinin sədri və Azərbaycan SSR Ədliyyə Naziri vəzifəsinə irəli çəkildi. Onu da qeyd edək ki, Ayna Sultanova ilk azərbaycanlı qadını idi ki, Ümum İttifaq Kommunist (bolşevik) Partiyasının Zaqafqaziya ölkə partiya komitəsində məsul vəzifəyə təyin edilmişdir.
Ömrü boyu marksizm-leninizim ideyalarına sadiq qalan bir xanımı sadiq əsgəri olduğu bir partiya niyə görəsən şəxsiyyətə pərəstişin qurbanı etdi?! Çünki artıq istədiyini ondan almışdır!
Ayna xanımın həm ömür-gün yoldaşı, həm də silahdaşı Həmid Sultanov haqqında Azərbaycan Sovet Ensiklopediyasının 10-cu cildində yazılıb: “Müsavat hökumətinə qarşı silahlı üsyanın təşkilatçılarından olmuş Sultanov 1920-ci il aprelin 27-də AK(b)P MK, RK(b)P Qafqaz Ölkə Komitəsinin Bakı Bürosu və Mərkəzi fəhlə konfransı adından müsavat hökumətinə və parlamentinə hakimiyyətin... bolşeviklərə verilməsini tələb edən ultimatum təqdim etmişdi”. Mərkəz üçün elə bu bəs idi. Bundan sonra Həmid Sultanov daha böyük vəzifələrlə mükafatlandırıldı...
Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir. Ayna Sultanova istintaq zamanı çox alçaldılmışdır.

SSRİ-nin dağılmasının sonra Ayna Sultanova olan ictimai münasibət digər dövrün marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir.

Ayna Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917–1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il Mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləmişdir.

Ayna Sultanova heykəli, Bakı
Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet rejimi qurmaq uğrunda çalışmışlar.

O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərmişdi. Bu dövrdə A.Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdu. 1919-cu ilin avqustunda Moskvaya Y.Sverdlov adına kommunist universitetində oxumağa göndərilmiş, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdir.

A.Sultanova XI Qırmızı Ordu Azərbaycana daxil olduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmış, "Şərq qadını" jurnalının redaktoru olmuşdur. 1930–1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdır.

1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir.
Ayna Sultanovanın heykəli 1986- cı ilin aprel ayında Leninin anadan olmasının 116- cı il dönümü münasibətilə hazırlanıb. Bu heykəlin müəllifi yeganə qadın heykəltaraşımız Münəvvər Rzayevadır.
PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər