ÇÖVKƏN AZƏRBAYCAN XALQ OYUNU

"RADIOFM.az" Azərbaycanın qədim idman oyunu olan "çövkən" idman oyunundan geniş informasiya yazır: Çövkən nə deməkdir? Bu oyun hardan gəlib? kimlər tərəfindən yaradılıb və necə olub ki bu günümüzə kimi davam etəməkdədəir. Bu sualların cavabını geniş şəkildə Piyalə Bayramqızı istinadlara əsaslanaraq yüksək səviyyədə yazır:


"Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir.

Qarabağ atlarının üzərində igidlərin oynadığı bu oyun cəsurluq, çeviklik rəmzi idi.

Çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış və komanda oyun növüdür. Yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışlarının keçirildiyi göstərir. Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir.

Çövkən oyunu “Kitabi Dədə Qorqud” eposunun boylarında da tez-tez xatırlanır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin baş qəhrəmanları Xosrov və Şirin çövkən oynayırlar. Bu isə onu göstərir ki, bu oyunu həm kişilər, həm də qadınlar oynayırdılar. Qədim Azərbaycan miniatürlərində bu oyunun səhnələrinin çoxsaylı təsvirləri, ilk yazılı mənbələrdə oyun qaydalarının təsviri və inkişafı onun qədim Azərbaycan oyunu olduğunu göstərən daha bir sübutdur.

XII əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Nizami Gəncəvi Çövkən oyununun Azəbaycanda geniş yayıldığını təsdiqlənməsi haqqında qısa bir şeir:

Şirinin yanına gəldi qayğısız
Dişi Aslan kimi 70 nəfər qız.
Surətdə hər biri bir isfəndiyar.
Çövkən oynamaqda çox çevikdirlər
Rüstəmi zal kimi ox atandılar.
Göydən qapırdılar topu müxtəsər.
Şirin dedi ki, hələ at çapaq.
Bu geniş düzəndə çövkən oynayaq.


(Nizami Gəncəvi. ”Xosrov və Şirin”. Bakı, 1982, səh. 120-121)

Çövkən oyununun fraqmentləri təsvir edilən rəsmləri qayalarda, qəbirüstü daşlarda, məişət əşyalarının üzərində görmək olar. Beyləqan rayonunun ərazisində Örənqala qalasında arxeoloji qazıntılar zamanı tapılmış şirli qabların üzərində Çövkən oyununun fraqmentləri təsvir edilib. Bu fakt inandırıcı şəkildə sübut edir ki, artıq III-V əsrlərdə bu oyun Qarabağ zonasında geniş yayılmışdı.

Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir.


Azərbaycan kinematoqrafında çövkənə həsr olunan filmlərdən "Çovqan oyunu", "Çövkən" və "Uç, mənim atım"-ı qeyd etmək mümkündür.
Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində ingilislərin rolu böyük olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır.

1842-ci ildə Britaniyalı səyyah M. Braun çövkən haqqında öz fikirlərini belə izah edirdi:

" Bu, atlarla əsl hokkey oyununa bənzəyir. Çox gözəl oyun növüdür və düşünürəm ki, qərblilər üçün də faydalı olardı. "
Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib.

1950-ci illərdə başda çövkən olmaqla bir sıra Azərbaycan milli atüstü oyunları bərpa edildi. Bu sahənin tədqiqatçısı Fikrət Hüseynov tarixi sənədlər və folklor materialları əsasında oyun qaydalarını hazırlayaraq kitabça şəklində çap etdirdi.1960-cı ilin may ayında ilk dəfə olaraq Azərbaycanın qərb bölgəsinin bir neçə kənd komandası arasında çövkən yarışı keçirildi. Bir ildən sonra çövkən yığma komandası Bakı cıdır meydanında respublika komandasına 2:1 hesabı ilə qalib gəldi. Çövkən Moskvada keçiriləcək yarışlarda iştirak etmək hüququ qazandı.

Necə olub ki bu oyun gənclər tərəfindən yayımlanmayıb və yarışlarda iştirak edilməyib:

Azərbaycan SSRİ-nin tərkibinə daxil edildikdən sonra ittifaqın digər respublikaları arasında bu növ də daxil olmaqla, atüstü xalq oyunları üzrə mütəmadi yarışlar keçirilirdisə də, respublikamız bu yarışlarda iştirak etmirdi. 1000 il əvvəl həvəslə oynanılan "Çövkən", "Sürpapaq", "Baharbənd", "Yaylıq", "Piyaləox", "Sürəyçi", "Gərdək qaçırmaq" və s. oyunlar haqqında əhalinin əksəriyyətinin, xüsusən də gənclərin heç bir anlayışı yox idi. Həmin dövrdə bu məsələ yüngül atletika mütəxəssisi, respublikanın əməkdar məşqçisi Fikrət Hüseynovun diqqətini cəlb edir. O, bu sahədə tədqiqat işləri aparmağa başlayır. Sirr deyil ki, 1000 il keçdikdən sonra milli atüstü oyunların bərpası gərgin axtarış və əmək tələb edirdi. Nəhayət, 1958-ci ildə Gəncənin Bağmanlar qəsəbəsinin çıxacağında kiçicik Cıdır düzü təşkil edən Fikrət müəllim 4 kolxozdan atları yığır və gəncləri öz ətrafına toplayır. Bu dövrə qədər Azərbaycan milli atüstü oyunlar üzrə ittifaqmiqyaslı yarışlarda iştirak edə bilmirdi. Bunu aradan qaldırmaq üçün Gəncə ətrafındakı 4 kolxozda 10-a yaxın xüsusi komandalar yaradıldı, məşqlər başlandı. O, Azərbaycan atüstü milli oyunlarının qaydaları haqqında məlumatları çap edərək, Cıdır meydanlarının rəhbərlərinə paylandı ki, ona müvafiq hazırlıq işləri görülsün və bizim komandalar bu yarışa qatıla bilsinlər. Bu məqsədlə hazırda Gəncədə yaşayan 85 yaşlı Fikrət müəllim Sovet İttifaqı Marşalı Semyon Budyonnıya müraciətdən sonra Azərbaycan komandası 1961-ci ildə Moskvaya dəvət alır. İlk yarış Azərbaycan və erməni çaparları arasında keçirilməli olur. Azərbaycan idmançılarının yarışa qatıldığını görən ermənilər çövkəni oynamaq üçün ərizə verirlər. Məqsəd Azərbaycan komandasını məğlub etmək idi. Lakin onlar buna nail ola bilmir və uduzurlar. Lakin 90-cı illərdən sonra müxtəlif bölgələrdə fəaliyyət göstərən atüstü idman komandalarının fəaliyyəti dayanır.

Əsas qaydalar və ümumi anlayış:

Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur.

Meydança:

Oyunlar uzunluğu 90–250, eni 60–120 metrədək olan meydançada keçirilir. Bu oyun üçün futbol meydançasından istifadə etmək olar.

Top:

Bu oyunda istifadə edilən top girdə və 38–41 sm arasında olur.

Xalların hesablanma sistemi:

Qapı çərçivəsindən cərimə meydançasına daxil olub topu qapıya vurmaq hesaba alınmır.

Hakimlər:

Çövkən oyunlarının hakimi isə, adətən, meydanı at üstündə müşayiət edir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir.

Oyunçular:

Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar. Çövkənin özəlliyi ondan ibarətdir ki, yaş həddi tələb olunmur. Fiziki cəhətdən sağlam olan şəxs hər vaxt çövkənlə məşğul ola bilər. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar, yüngülboğazlı çəkmə daxildir. Oyunçular eyni formadan, eyni uzunluqda olan çomaqdan istifadə edirlər. Oyunçu geyim qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik qovula bilər. Oyun bitdikdən sonra qara zurna müşayəti altında komandalar sağollaşırlar və qalib olan komanda iştirakçılarına mükafatlar dəqdim edilir.

Çövkən idman növünə yeni nəfəs verilməsi:

Atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə 2005-ci ildən başlayaraq Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnir keçirilir. Sözügedən kubok uğrunda turnir ənənəvi olaraq Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin bazasında təşkil edilir. Turnirlər adətən hər ilin dekabrın 19-da start götürür. Yarışın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzidir. Qeyd edək ki, 2006-cı ilin 18 aprel tarixində ölkə prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yaradılanda onun strukturuna Atçılıq Turizm Mərkəzi də daxil edilib. Mərkəz Respublika Atçılıq İdman Mərkəzinin Şəki filialının bazasında yaradıldı. Mədəniyyət və turizm naziri Ə.Qarayevin səyi ilə qısa vaxt ərzində yaradılan mərkəz elə həmin il atçılıq idmanı üzrə Marafon-45, Prezident Kuboku turnirlərini təşkil etdi. Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnirin ilk qalibi Ağstafa rayonunun komandası oldu. Əgər əvvəllər çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 rayon vardısa, ötən 2 il müddətində onların sayı 13-ə çatıb.

2006-cı ildən Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında çövkən üzrə "Prezident Kuboku" keçirilir.

2009 - cu il Dekabrın 19-da çövkən üzrə ənənəvi yarışlar özünün 4-cü ilinə qədəm qoydu. Yenə at kişnərtçiləri, oyunçuların nərəsi, azarkeş sədaları Şəki Daşüz Atçılıq Mərkəzinə hakim kəsildi. Bu turnir həm bir mədəniyyət, həm də idman bayramına döndü.
Həmin ildə çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 Azərbaycan rayonu vardısa, 2014-cü il müddətində onların sayı 20-ə çatmışdı. 2016-cı ildə Prezident Kuboku uğrunda Azərbaycandan 22 şəhər və rayonundan 24 komanda iştirak etmişdir.
Azərbaycanda keçirilən Çövkən yarışlarından fotolar:





1- Cİ HİSSƏ

HAZIRLADI: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər