"Oğlun olsa adını Albert qoy"...


Xəbər verdiyimiz kimi, 30 il əvvəl ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülüb. Hazırda sosial şəbəkənin Azərbaycan seqmentində sözügedən görüntülər günün hadisəsi kimi paylaşılır.

Bu məqamda Şuşaya girməyə cəhd edən həmin tankı məhv edən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunan, Elbrus Ərudun müəllifi olduğu “Oğlun olsa, adını Albert qoy... ” yazısını yenidən oxuculara təqdim edirik:

- Oğlun olsa, adını Albert qoy. Aqarunovun şərəfinə. Belə olsa, uşağın bütün doğum xərclərini qarşılayacağıma indidən söz verirəm.

- Seçim eləmişik axı... Türk aktyorunun adını bəyənmiş...

- Özün bilərsən. Mən isə “Albert” adını vermək üçün daha bir oğlum olsun istəyirəm. İçimdən öz gələcəyimi Albert adlandırmaq keçir...

Dostumdan yoldaşının hamilə olması haqda xəbəri eşidəndən sonra aramızda belə bir dialoq yaşanır.

Alberti kəşf eləyəndən sonra içimdə ona qarşı uzun illərdir bir təşəkkür gəzdirirəm. Mir Şahinin o möhtəşəm müsahibəsində başını tankın “lyuk”undan çıxararaq dediyi sözlərə min dəfə baxmışam. Yoldaşlarının yəqin ki, müsahibədə məhz Albertin danışması ilə bağlı təkidinə “alə, danışa bilmirəm axı...”- deyərək cavab verir. Və danışa bilməyən o 20 yaşlı yəhudi əsilli oğlan öz sözlərini Azərbaycan xalqının yaddaşına əbədi həkk edir.
Sonra jurnalist ona danışmaqda yardımçı olur:

- Adın nədir sənin?

- Albert

- Hansı millətin nümayəndəsisən?

- Yəhudi

- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?

- Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram burda. Ayrı heç nə məcbur eləmir.

- Nə qədər qalmaq fikrindəsən?

- Müharibənin axırına kimi...

Fikirləşirəm ki, bəlkə, belə mükəmməl cavab vermək üçün elə danışanda gücənmək lazımdır? Sözün sənin olmasını istəyirsənsə, onu mütləq axtarıb tapmalısan... Yoxsa, nə gəldi desən, ağzına gələni danışan olacaqsan...

Şuşanı azad etmək üçün min səbəbimizdən biri də Albert Aqarunovun qisasını almaq olmalı idi. 92-ci ildə Şuşaya bayraq sancmağa girən ilk erməni tankını vuran, sonra onların sayını 9-a çatdıran, hətta bir mərmi ilə iki düşmən tankını vurub “Yəhudi buterbrodu”nu yaradan, şəhid olan əsgərlərin üstündən keçməsin deyə tankdan düşəndə snayperlə vurulan Albert...

2021-ci ildə, azad olunandan sonra Şuşaya gedəndə şəhərin yaxınlığında ilk gördüyüm qayanın başında ona tuşlanmış tank idi. Ermənilər məhz Aqarunovun vurduğu o tankı rəngləyib qayanın başına qaldıraraq üzü Şuşaya nişan alırmış kimi qoyub guya rəmz yaradıblar. O vaxt da, indi də içimdən “son güllə”mi atıb o tankı növbəti dəfə vurmaq keçir. Yəqin ki, Vətən Müharibəsindən sonra baş verən Zabux kimi, Sus kimi, Laçın kimi, lap elə srağagünkü sərhəd keçid məntəqəsi kimi, bir sabah da işimiz həmin o Şuşaya tuşlanmış maketi havaya uçurmaq olacaq.

Bu gün səhər evdən çıxanda vatsapıma yazıçı dostum İlham Əzizdən “Bu gün Albertin doğum günüdü” mesajı gəldi.

Maşını yaxınlıqdakı Albert Aqarunov küçəsinə döndərib onun şərəfinə qoyulmuş möhtəşəm abidəni bir daha ziyarət etmək istədim. Abidəyə yaxınlaşanda bir azdan çalınacaq orkestrin ifasına hazırlığın getdiyini görürəm.

Onu dəfn edəndə ravvinlə mollanın eyni vaxta dua oxuduğu kimi indi də yəhudilərlə azərbaycanlılar bir yerə toplaşıb Alberti yad etməyə hazırlaşır.
Prosesə nəzarət eləyən rəsmi şəxs xadimələrdən təmizlik işlərini bitirib-bitirmədiklərini soruşur:

Aralarından bir qadın cavab verir:

- Heykəlini on dəfə silmişəm. Nə lazımdırsa, edərəm. Bir də silərəm...

Azərbaycanın Milli Qəhrəmanın qarşısında sayğı duruşunda dayanıb möhtəşəm abidəsinin fotolarını çəkirəm. Qayıdıb maşına minəndə həmin xadimə qadının arxamca sualını eşidirəm:

- Nəyinizdir?

- Oğlum!..

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər