Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş radio.

Türk serialları nə mesaj verir?

Baxış: 1 934
Tarix: 1-06-2013, 19:37
Deyirlər ki, qonşuda yanğın olanda, gərək bir vedrə su da sən tökəsən ki, o yanğın sən tərəfə də keçməsin.

Son vaxtlar böyük heyranlıqla türk kanallarını seyr edirəm. Amma böyük heyranlıq deyəndə sizin mənasını anladığınız heyranlıqdan söhbət getmir. Çünki heyranlığımın səbəbi gözümlə gördüyüm insana zövq verən proqramlar deyil, ekranda baş verən, diqqətimi çəkən dəyişikliklərdən danışmaq istəyirəm. Daha dəqiq desəm, seriallardakı simalardan,  serialların aqibətindən və qonşu ölkənin ekranında baş verənin bizə təsirindən və verilən mesajlardan.

Ötən əsrdən bəri, hələ sərhədlərimizin qonşu ölkə ilə bağlı olduğu dövrdə, zərif, sarışın, nazlı qız uşağı görəndə böyüklərimizdən bir bənzətmə eşidərdik: "Ay, bu türk qızına oxşayır” və s. Bu cür təsəvvür bizim xalqda hardan yaranmışdı? Təbii ki,  sərhədləri bağlı ölkədən kino zallarında nümayiş etdirilən filmlərdən götürülürdü bu bənzətmələr. Amma açığını desəm, 70-ci illərdə Türkiyəyə ara-sıra səfər edən azərbaycanlılar, sanki "sehirli çubuğun” köməyi ilə görkəmlərini dəyişdirərək,  qadınlarımız sapsarı saçlarla, kişilərimiz isə komplekssiz, gülərüz qayıdardılar Vətənə. Qonşu ölkədəki türk insanlarını biz ağbəniz, mədəni - kənd insanının özünəməxsus yumoru, qonaqpərvərliyi ilə, şəhərliləri isə avropasayağı zahiri görünüşü, mədəni, düzgün, nümunəvi bir millət kimi tanımışdıq hər zaman. 

Türk telekanallarında  məhz bu tablonun gündən-günə yox dərəcəsinə çatması məni bir xeyli düşündürdü...Bu gözəl millətin cizgiləri bəs hara yavaş-yavaş yox olur?   

Görəsən, bugünkü görüntülər ilə türk ekranları yeni nəslə və qonşu ölkələrə nə mesajı verir? Ekranları bəzəyən simalar kimdir?

Məsələn, onlardan biri "Qurdlar Vadisi” serialından yaxşı tanıdığımız "Elif” obrazı, "Hanımın çiftliyi” və "Mərhəmət” seriallarında rol alan Özgü Namal. Bir linqvist, türkoloq olmağımı və araşdırmalarımı nəzərə alaraq, "Namal” soyadının hardan gəldiyi mənə naməlum qalır. Çünki birmənalı olaraq, "nama” soyadı türk soy adı deyil. Bu aktrisanın ekranları dolduran obrazlarını bir az sizə tanıtmaq  istərdim. 

Özgü Namal seçdiyi obrazlarda zahiri görünüşü dəyişdirməklə özünə əziyyət vermir. Hər fürsətdə kasıb, amma dəli-dolu, vurub-yıxan, hətta atasına-qardaşına söyüş söyən, yeri gələndə əl qaldıran saf, düzgün ailə şəraitində böyüyən bir qız rollarına üstünlük verir.   

Nazlı qızların sevgililərini min bir cildə girərək əllərindən alan, min bir hiylə varlanan, çığırıb-bağırıb danışmaqdanmı, yoxsa siqaret aludəçisi olduğundanmı xırıltılı səsli bu aktrisa, canlandırdığı obrazlarda bütün sadalananlara baxmayaraq, nədənsə namuslu, yazıq və gücsüz xarakterləri oynayır. 

Bu seriallardakı mesaj nədır? Niyə bu xanım aktrisa yalnız bu obrazları oynayır və cəmiyyətə necə nümunə olur?

Haradadır "ceyrangözlü” Türkan sultan, kinoların bəzəyi Filiz Akın, özünü namus, haqq yolunda parça-parça edən mavigözlü Fatma Girik, ürkək Hülya Koçyigit, duruşu və baxışları ilə qəlbləri fəth edən Kadir İnanır? Ya da yaşılgözlü, boy-buxunlu, şirin gülüşlü Tarık Akan və ya qəhrəman rolları canlandıran Türkiyənın "Alen Delonu” sayılan Cüneyt Arkın? 

Yaşlanıblar? Bu səbəbdənmi yeni obrazlar yoxdur? 

O zaman gəlin yeni nəsil türk aktyorlarını və onların çəkildiyi serialların aqibətınə bir az nəzər salaq.

Heç də ürəkaçan bir mənzərə yaranmır göz qarşısında. Məsələn, 2-3 il əvvəl məşhur olan "Aşkı-Məmnu” serialındakı Behlül (Kıvanc Tatlıtuğ) və Bihtər (Beren Saat) obrazları.  Həm türkdilli ölkələrdə, həm də ərəbdilli ölkələrdə böyük rəğbət qazanmış ve sevilmiş bu serialı niyə görəsə qəflətən qısaldaraq bitirdilər. Halbuki əsər də, aktyorlar da yetərincə sevilirdi. Aqibət isə belə oldu.

Kıvancı daha aşağı səviyyəli, boş bir seriala dəvət edib, böyük bir məbləğ müqabilində imicini, necə deyərlər, "söndürdülər”.  Çünki belə lazım idi... Çox yaxşı obraz yaradan Bereni isə bır dəstə varlı, sarışın uşaqların ona təcavüz etdikləri iddiası ana xətti olan və milləti buna inandırmağa çalışan bir seriala cəlb etdilər.  

Bu ssenaristlər insanların beyninə nəyi yeritmək istəyirdi? Bütün bu "sifarişlər”  niyə bu qədər aqressiv şəkildə insanların illərlə qurulmuş mənəvi standartlarını yıxmağı hədəf alıb?
Yerinə ayı yeyə biləcək çənələrə sahib, tüklü sifətli, lakin bahalı geyim markalarında gözə girən, kobud hərəkətlər, söyüşlərlə dolu səhnələrdə vurub-yıxaraq özünə yer edən bir dəstə quldur gəlib...Qadın aktrisaları "ülen yakarum bu qunağu” (türkcə desək "konağı” və ya evi) çığıraraq səsli-küylü, davakar, görüntüləri ilə estetik mənada seyrci gözünü oxşamayan rollara dəvət edirlər. Bir sözlə, seriallardan anlamadığımız dildə guya türk dili olaraq danışan naməlum insanları aktyor edərək səhnəyə çıxardanlar, onları bizə təkidlə nümayiş etdirməyə çalışırlar. 

Bır aktyor hər rolu canlandırmalıdır və obrazdan-obraza girməlidir. Amma bir aktyor ki, daima eyni tərzdə və zalım rollar ifa edirsə, bu aktyor ya özünü yaşayır səhnədə, ya da bu obrazlar hansısa dairələrdə "dəstəklənərək alqışlanır” və nümunə olaraq yeni nəsilə sırınır. 

"Haqqın yolu”, "sevginin yolu” bu seriallarda öldürməklə, intriqalarla, çığır-bağırla bu cür simaların vasitəsilə öyrədilir cəmiyyətə. Gördüyümüz kimi, bu günün mövzuları yalnız aşirət münasibətləri və kasıb qız - zəngin oğlan "ovu” dur. 

Deyirlər ki, qonşuda yanğın olanda, gərək bir vedrə su da sən tökəsən ki, o yanğın sənin tərəfinə də keçməsin. Təəssüflər olsun ki, bizim səlahiyyətimiz bu mövzuya yetmir. Amma gəlin gözlərimizi ayıra bilmədiyimiz, anlamadığımız dildə, ləhcədə, səs-küylü, qulağa və gözə xoş olmayan, "qaralan” ekranların yavaş-yavaş bizim də beynimizi qaraltmasına imkan  verməyək. Axı biz serial çəkmə sahəsində hələ yolun başındayıq.

Qonşumuza bir mesajı da mən vermək istərdim. İcazə verin ekranlarda bir az da o gözəl dövrün yetişdirdiyi təcrübəli, yüksək aktyorluq məktəbinə malik türk kinosu ulduzlarının varisləri -Türkan sultanın qızı, Tarık Akanın oğlu - gənc aktyor Barış Akan ("Pis Yedili” serialında Küçükbey rolunu oynayan), Cüneyt Arkının oğlu - Murat Arkın ( "Pıs Yedili”, "Harem” seriallarında Kara Murat rolunu oynayan) və o nurlu simalı yeni aktrisalar - Ceyda Atəş ("Adını Feriha Koydum”, "Evlerden biri”), "Küçük Sırlar”ın əvəzolunmaz Ayşəgülü –Mərvə Boluğur kimi yeni nəslin istedadları həqiqətən öz qabiliyyətlərini göstərərək, geniş, ciddi, maarifləndirici rollar oynasınlar. Adları "Pis Yedili” kimi və s. boş seriallarla hallanmamalarını arzu edirəm onlara. 

Bu gənc aktyorlar həqiqətən türk millətinin 21-ci əsrə uyğun ekran səviyyəsini,  standartını və aktyorluq texnikasını ən yaxşı formada göstərməyə layiqdirlər. Ağ rəng həmişə saflığın rəmzidir. İşığınızı söndürməyin...     

Share |