"AZƏRBAYCAN QƏHRƏMANLAR DİYARIDIR" - NURAN MİRZƏYEV


Radiofm.az şəhidimiz Nuran Mirzəyev haqqında yazır.
Mirzəyev Nuran Akif oğlu 27 iyul 1999-cu ildə Quba rayonunun Dağlı kəndində ləzgi ailəsində anadan olub. 2005–2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək Rabitə, elektrik mantyoru, sürücü ixtisaslarına yiyələnib. 2017–2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Subay idi.


28 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb və 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə yollanıb. 19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

21 oktyabr 2020-ci ildə Quba rayonunun Qımıl kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nurlan Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
(30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
Şəhid Nuran Mirzəyevin atası müsahibə verərəkən oğlunu uzaqdan tanıdığını deyir:


"Bizə oğlumun şəhid olması ilə bağlı yox, yaralanması ilə bağlı xəbər verdilər. Beyləqana getdim. Bir yer var idi, şəhidləri ora gətirmişdilər. Uzaqdan orda olanlara baxa-baxa axtarırdım oğlumu. Hardasa 10 metrlik məsafədən birinin ayağını gördüm. Gəlib yaxınlaşdım həmin adama. Şəhidlərin arasında idi. Üstünə mələfə örtülmüşdü.Yaxınlaşıb, üstündən mələfəni açdım. Şəhid mənim oğlum idi, o idi Nuran, gülə-gülə gözləri açıq mənə baxırdı...Ucaboy, hündür birisi idi, boyu 1 metr 81 sm idi. Oğlum 42 razmer ayaqqabı geyinirdi. İnanın ki, oğlumun üzünü görmədən, ayağından tanıdım. Bəlkə də ata kimi qoxusundan tanıdım onu... "


Şəhid atası deyir ki, oğluma diqqqətlə baxdım. Gözləri açıq, təbəssümü sifətində donub qalmışdı:


"Qucaqladım oğlumu, cansız bədəninə sarıldım. Gözləri açıq qalmışdı, onu qucaqlayandan sonra gözlərinin biri batdı. Cənazənin yanında Beyləqanda "Peyğəmbər" məscidinə çatanda, açıq qalmış o biri gözü də bağlandı...orda dayanan hərbi polisdə işləyənlərdən biri bizi qohum idi, məni tanıyıb yaxınlaşdı, ürək-dirək verdi və bizi müşayət elədi."


Akif Mirzəyev deyir ki, oğlu peşə məktəbini bitirmişdi. Quba Rayon Qaz İstismar idarəsində işləyirmiş:


"Həqiqi hərbi xidmətdən 2 ilə yaxın idi gəlmişdi. Səfərbərlik vaxtı müharibəyə yollandı. Çox mədəni bir uşaq idi. Hər kəsin hörmətini qazanmışdı, istər iş yerində, istərsə də dostları arasında. Sentyabrın 29-da müharibəyə yola düşdü. Cəbrayıl və Qubadlı istiqamətində döyüşlərdə iştirak edib. Döyüş yoldaşları deyir ki, həmişə öndə gedirmiş. Qumbaratan imiş. Qubadlı uğrunda gedən döyüşlərdə minamyot atəşindən qəlpə yarası alıb. "


Şəhid atasının dediyinə görə bu yaxınlarda oğlunun döyüş yoldaşları gəlibmiş onlara. Oğlunun döyüş yolundan və son vəsiyyətini atasına çatdırıblar:


"Sağ olsunlar, oğlumun döyüş yoldaşları gəlmişdi bizə. Xeyli söhbət etdik. Onların dediyinə görə, oğlum ölümündən 4 gün əvvəl Cəbrayıl rayonunda bir tağımı ölümdən qurtarıb. Düşmən onların irəlilədiyi yeri minalayıbmışlar. Oğlum təsadüfən orda bir məftil, ya da sim görüb. Əraziyə baxış keçirəndə görüb ki, onların irəliləyib hücum edəcəyi mövqelər minalanıbmış, arxasınca gələnləri geri qaytarıb. Mianaxtaranlar gəlib ordan xeyli mina təmizləyiblər. Qubadlıda hansısa yüksəkliyi alandan sonra düşmən bizim mövqeləri minatanlarla atəşə tutub. Qəlpə sifətindən dəyib, başının arxasından çıxmışdı. Şəhadətə qovuşmamış dostlarından su istəyib. Su içən kimi canını tapşırıb. Gülərüz və şən uşaq idi. Müharibə yoldaşları deyir ki, həmişə bizi ruhlandırırdı, mahnılar zümzümə edirdi. Həmişə üzü gülürdü, təbəssüm üzündən əskik deyildi. Şəhid olanda sifətinin təbəssümü elə üzündə qalmışdı. Gülə-gülə şəhid olmuşdu."


"Anası müharibəyə gedəndə oğluna bir ovuc konfet vermişdi. Dostları deyir ki, susuz qalan vaxtlar konfet paylayırdı bizə. Hərəmizə bir dənə iris verib deyirdi ki, ağzınızın tamını dəyişin...


Oğlumun cansız bədənini qucaqlayıb bağrıma basdım. Onu oxşayıb, hönkür-hönkür ağladım. Birdən gözlərim şalvarının cibindən çölə çıxmış bir dənə konfetə sataşdı... elə bil oğlumun cibindən bir konfet çıxıb mənə baxırdı. Birdən yadıma düşdü ki, anası bir ovuc konfet vermişdi müharibəyə yola salanda. Hamısını dostlarına paylamışdı. Sadəcə bircə o konfeti saxlamışdı. İndi o konfet bizdə, ona baxıb təsəlli tapırıq. O konfetdə oğlumun əl izi var, cibinin qoxusu var." -deyir şəhid atası Akif Mirzəyev.


Atası deyir ki, sonuncu dəfə mənimlə ölümündən bir gün qabaq danışdı. Dedi ki, ata yadında mənə həmişə bir şer deyirdin?:


"Şəhid olmamışdan bir gün əvvəl mənə zəng elədi. O qədər qürurlu danışırdı ki...Dedi ki, ata, yadında həmişə mənə sevdiyin bir şeri deyirdin?.. Yadına düşmədisə, deyim... Ata, bax, o şeri sənə deyirəm qulaq as...


"Vətən mənə oğul desə, nə dərdim,


Mamır olub qayasında bitərdim."


Oğlum o şeri mənə dedi və əlavə etdi ki, ata, ən çox sevdiyin şerdi, nəsə olsa ağlama...Axı bu şeri özün mənə sevdiribsən, bu Vətəni mənə sən sevdirmisən...Heç vaxt narahat olma, qələbə bizimdir. Səndən bir xahişim var, halallığını istəyirəm, başqa heç nə. Bu şeri mənə telefonla bir də dedi və həmin günün səhərisi şəhid oldu." -deyir şəhid atası Akif Mirzəyev.


"Oğlum subay idi. Şəhid olandan sonra xəbərim olub ki, qonşu kənddən qız istəyirmiş...Bir dəfə anası ilə danışanda deyib ki, ana siqaret çəkmək istəyirəm. Atam bilsə, görəsən məni danlayarmı?..Amma bilsəm danlamaz siqaret çəkərdim. Anasına dedim ki, yox çəkməsin. Olmaz. Döyüş yoldaşları mənlə görüşəndə onu da dedilər ki, şəhid olan günə kimi siqaret çəkməyib. Deyib ki, atam icazə verməyib, siqaret çəkə bilmərəm."


"İndiyə kimi sizinlə kimsə maraqlanıbmı" sualımıza isə şəhid atası belə cavab verir:


"Nuran şəhid olanda Qubanın icra başçısı Ziyəddin müəllim və deputatımız Vahid Əhmədov gəlmişdi dəfnə. Bir dəfə də sosialdan və Yaşat fondundan gəlmişdilər. Gəldilər, maraqlandılar getdilər. Ondan sonra heç kim qapımı açmayıb, heç zəng edən də olmayıb. Bəlkə də pandemiya ilə əlaqədər gəlmirlər, nə vaxtsa gələrlər..."


Şəhidimizin anası Mirzəyeva Təranə Yarsultan qızı ilə danışıb oğlu haqqında xatirələrini soruşmaq istədik. Akif Mirzəyev dedi ki, mən sizinlə danışıram, o da mənə baxıb ağlayır, çətin sizinlə danışa bilsin...


Telefonda o ana oğluna ağlayırdı, hıçqırırdı, amma Şəhid anasına hansı söz deyib ovundurmaq lazımdısa, tapa bilmədim...O isə bizimlə telefonda şəhid oğlu haqqında danışan həyat yoldaşı ilə telefonda sağollaşana qədər ağladı...


Müsahibənin sonunda şəhid atasının harda işlədiyi, hansı ixtisas sahibi olduğunu soruşdum:


"Fəhləyəm, övladlarımı fəhləçiliklə böyütmüşəm, nə edək, Vətən sağ olsun!"-deyə cavab verdi.


Allah rəhmət eləsin.



PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər