SƏMƏDBƏY MEHMANDAROV



RADİOFM.az "AZƏRBAYCAN QƏHRƏMANLAR DİYARI" SİLSİLƏSİNDƏ QƏHRƏMAN SƏMƏDBƏY MEHMANDAROV HAQQINDA YAZIR:[/b]
Görkəmli hərbi xadim, Azərbaycanın Hərbi naziri Səməd bəy Mehmandarov 1855-ci ilin oktyabrın 16-da Lənkəranda anadan olub.

S.Mehmandarov 1918-ci ildə qohum və dostları ilə görüşmək üçün Bakıya gəlmiş, həmin ilin noyabrından Nazirlikdə çalışmış, dekabrın 15-dən Hərbi nazir vəzifəsini yerinə yetirmişdir.
Qeyd edək ki, 1918-ci ilin noyabrın 1-də Azərbaycan Nazirlər Şurası Hərbi Nazirliyin yaradılması ilə bağlı nazirin məruzəsini dinlədikdən sonra qərara alır: “Azərbaycan hökuməti nəzdində Hərbi Nazirlik yaradılsın. Hərbi Nazir vəzifəsi Nazirlər Şurasının sədrinə həvalə edilsin, general S.Mehmandarov onun müavini təyin olunsun.


S.Mehmandarov bacarıqlı hərbçi olaraq ordudakı problemləri zamanında həll etməyi bacarırdı. Onun 1918-ci ilin noyabrında Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının Sədri F.X.Xoyskiyə yazdığı məlumatdan: “General-leytenant Şıxlinskinin hərbçi müsəlmanlar arasında böyük ziyalı gücünün olmaması haqqındakı məruzəsini nəzərə alıb, onun Hərbi nazirin ikinci müavini təyin edilməsi ilə bağlı zəmanət verirəm. Bu zəmanət həm də onunla bağlıdır ki, tezliklə mən hərbi hissələri, idarə və anbarları yoxlamağa getməliyəm. Odur ki, Yelizavetpolda (Gəncədə) bir müavinim olmalıdır. Bundan başqa, təklif edirəm ki, bütün texniki və hərbi-tədris sahələrinə rəhbərliyi elə həmin generala da tapşırmaq lazımdır”.

S.Mehmandarovun yüksək tələbkarlığının nəticəsində Azərbaycan Ordusu güclənirdi. Onun əsgər və zabitlərə qarşı tələbkarlığını təsdiqləyən sənədlər də mövcuddur.S.Mehmandarovun 1918-ci ilin 15 dekabrında hazırladığı əmrdə yazılıb: “Diqqət etmişəm ki, hərbi hissələrdə komandirlərin rütbəsini böyütdükləri praporşiklər(çavuşlar -red) hərbi forma geyinirlər.Əmr edirəm rəhbərliyə ki, praporşiklərin rütbəsini artırmaq hökumət tərəfindən Hərbi Nazirliyə həvalə edilib və digər rütbələri isə hökumət özü verir. Əmr olmadan zabit paltarı geyinənlər təcili şəkildə həmin formanı çıxarsınlar. Əgər onlar o rütbəyə layiqdirlərsə, onda alay komandirləri təcili olaraq təqdimat yazsınlar”.

S.Mehmandarov Hərbi nazir olarkən ilk verdiyi əmrlərdən biri − Azərbaycan ordusu əskərinin ana dilində salamlaşmağı idi. Onun əmrində qeyd olunurdu: “Sırada, eləcə də sıradan kənarda olarkən əskərlərin türkcə salamlaşması − bir sözlə “salam”, cavabı isə “əleyküm-salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əskərə deyilməlidir: “Mərhəba!”, əskər cavab verməlidir: “Çox sağ ol!”.

General S.Mehmandarovun 1919-cu ilin 18 yanvar- 29 aprel tarixində verdiyi çoxlu sayda əmrlər onun yüksək hərbi istedadı ilə yanaşı, bacarıqlı nazir olduğunu da sübut edir. O, bu əmrləri ilə düzgün zabit kadrları dəyişikliyi edir, başqa millətdən olan istedadlı zabitləri orduya cəlb edir, nazirliyin strukturlarını genişləndirir, ordunun döyüş qabiliyyətini gücləndirirdi. Bu əmrlərdə yazılıb: “1) Ştabs-Rotmistr Nəbibəyov aprelin 3-dən 3-cü süvari Şəki alayındadır; 2) Zabitlər məktəbinin kapitanı Xan Xoyski 2-cü süvari Bakı alayına keçirilir; 3) General-mayor Dubrovski yanvarın 12-dən Azərbaycan Hərbi-Dairə Məhkəməsinin sədridir; 4) Hərbu Nazirliyin nəzdindəki Hərbi məhkəmə hissəsinin rəisi podpolkovnik Samborskiy yanvarın 12-dən əvvəlki vəzifəsini icra etməklə Azərbaycan Hərbi-Dairə məhkəməsinin prokuroru təyin edilir”.


S.Mehmandarov ordunu bolşeviklərin zərərli təbliğatından qorumağa çalışır, bununla əlaqədar Nazirlər Şurasının Sədri, eyni zamanda Daxili İşlər naziri N.Yusifbəylini 1919-cu ilin mayın 11-də məlumatlandırırdı: “Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını aşılamağa can atırlar. Bakıda yerləşən qoşunlar, xüsusilə piyada qoşunları hərbi tərbiyənin əsaslarını tamamilə mənimsəməmişlər və intizam o qədər də möhkəm deyil, buna görə də mən qoşunları Bakıya gətirmək istəmirdim. Bu gənc qoşunları bolşeviklərin dağıdıcı təbliğatından qorumaq üçün Zati-Alilərinizdən kazarmaların yerləşdiyi rayonlara kənar şəxslərin icazəsiz daxil olmasına imkan verilməməsi məqsədi ilə qoşunların yerləşdiyi rayonlarda polis nəzarətinin tətbiqinə sərəncam verməyinizi xahiş edirəm”.
Azərbaycanda müstəqil dövlət quruculuğuna mane olan qüvvələr dağıdıcılıq işlərini davam etdirsələr də, onların qarşısı güc nazirlikləri tərəfindən qətiyyətlə alınırdı. 1919-cu ilin iyununda Azərbaycan Cümhuriyyəti üçün ən təhlükəli problem Lənkəran qəzasında baş verən hadisələr idi. Azərbaycanın ərazi bütövlüyünü parçalamaq istəyən və qondarma “Muğan respublikası” yaratmaq istəyən bu qüvvələrə qarşı S.Mehmandarov çox qətiyyətli davranmışdı. O, doğulub boya-başa çatdığı bu bölgədəki separatçı qüvvələrə xəbərdarlıq edirdi: “Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirə salınmadan mülki idarəçilik bərpa ediləcəkdir... Bununla yanaşı xəbərdar edirəm ki, hər hansı şura, komitə, yaxud “Muğan respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir! Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət daşıyacaqlar. Xəbərdar edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir. Çünki onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıdır... Hər cür silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaqdır və qoşuna belə hallarda amansızlıqla fəaliyyət göstərməyi əmr edirəm. Bu barədə bu və ya digər bəhanə ilə əhalini qoşunlara, yaxud hakimiyyətə qarşı qaldıracaq şəxslərin hamısına xəbərdarlıq edirəm. Öz növbəsində mən dəstə rəisinə, qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı əmr edirəm”.

S.Mehmandarov Hərbi nazir olaraq münaqişə bölgələrinə gedir, yaranmış vəziyyətlə yaxından tanış olurdu. Onun Nazirlər Şurasının sədri N.Yusifbəyli ilə Qarabağ bölgəsinə səfəri haqqında “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə: bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını − Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi. İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!!.

S.Mehmandarov Hərbi nazir vəzifəsində olarkən əsgərlər arasında böyük nüfuza sahib idi və ona çoxlu şərqilər qoşulmuşdu:

Səməd Paşa sərdarımız,
Qan axıdar xəncərimiz.
Düşmənləri qəhr edərik,
Yurdlarını məhv edərik,
Biz bir tabor əsgərlərik.
Pək şanlıyıq!

S.Mehmandarov 1918-ci ildən fəaliyyətə başlayan Azərbaycan Parlamentində də əhəmiyyətli çıxışlar edib.O, Parlamentindəki ilk çıxışını 1919-cu ilin fevralın 25-də on altıncı iclasda edib. Həmin iclasda 6-ya qədər qanun layihəsinin müzakirəsi nəzərdə tutulurdu ki, onlardan biri belə adlanırdı: “Hərbiyyə nəzarətinin qanun layihəsi”.

Qələmə aldı: PİYALƏ BAYRAMQIZI

Добавить комментарий

Оставить комментарий

Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbər lenti


Son xəbərlər